AZƏRBAYCAN XƏBƏRLƏRİ

Altıağac Milli Parkındakı yanğın necə baş verib? Nazirliklər birgə məlumat yaydı

Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.
ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.
Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.