İQTİSADİYYAT

Xəzərdə bu balıqların sayı azalıb

Hər il təbii su hövzələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib.
"Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir", - deyə M.Axundov qeyd edib.
10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Sərgisi
Qeyd edək ki, həvəskar balıqçılıqla məşğul olan şəxslərə 5 kiloqramdan artıq balıq tutmaq qanunla qadağan edilib. Amma bəzi şəxslər həvəskar balıqçı adından sui-istifadə edərək su hövzələrində xüsusən körpə balıq ovu ilə məşğul olurlar.
Daha sonra isə həmin şəxslər körpə balıqların müxtəlif restoranlarda və mağazalarda qanunsuz olaraq satışını təşkil edirlər. Bu isə qətiyyən yolverilməzdir və bəzi balıq növlərinin nəslinin kəsilməsi ilə nəticələnə bilər.
Ona görə də nəsli kəsilmək təhlükəsi olan balıqların körpə halda satışı ilə məşğul olan və restoranlarda müştərilərə təklif edən şəxslərə bu sahədə diqqətli olmağı tövsiyə edirik. Əks halda, su polisləri tərəfindən həmin şəxslər barəsində də qanunauyğun tədbir görüləcək.