HADİSƏ

TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb

Qəzada yaralananlardan travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
Hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.
Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir.
Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib.