BAKI, 23 sentyabr — Sputnik. BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreş ilə Ukrayna ərzaq məhsullarının, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin maneəsiz ixracı ilə bağlı İstanbul sazişlərinin tam icrasının təmin edilməsinin zəruriliyini müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna ərzaq məhsullarının və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin Qara dəniz limanlarından maneəsiz ixracı ilə bağlı İstanbul sazişlərinin icrası ətraflı müzakirə olunub. Tərəflər onların paket xarakterini və tam icrasını təmin etmək zərurətini təsdiqləyiblər", - deyə Rusiya XİN-in məlumatında deyilir.
Həmçinin, Lavrov və Quterreş Rusiyanın BMT ilə qarşılıqlı fəaliyyətinin geniş spektrini, təşkilatın və onun katibliyinin işinin səmərəliliyinin artırılması üzrə konkret təşəbbüsləri nəzərdən keçiriblər.
"Ümumdünya təşkilatının mərkəzi əlaqələndirici rolunun qorunmasına qarşılıqlı sadiqlik bir daha təsdiqlənib. Onun fəaliyyəti qanunla müəyyən edilmiş məqsəd və prinsiplərə, o cümlədən bütün üzv dövlətlərin suveren bərabərliyinə əsaslanmalıdır", - deyə XİN-in məlumatında qeyd olunub.
İstanbul razılaşmaları haqqında
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum qurumun kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir.
Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir.
Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.