SƏHİYYƏ

Hər iki saniyədə yaşı 70-dək olan bir adam qeyri-yoluxucu xəstəlikdən ölür

Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Ürək xəstəliklərindən başlayaraq xərçəng və şəkərli diabetə qədər qeyri-yoluxucu xəstəliklər dünyada aparıcı ölüm səbəbləri qismində yoluxucu xəstəlikləri ötüb keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində deyilir.
Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində ÜST-ün "Bloomberg Philanthropies" ilə birgə təşkil etdiyi tədbirdə məruzə və yeni informasiya portalı təqdim edilib. ÜST-ün məlumatına görə, qeyri-yoluxucu xəstəliklər bu yüzillikdə səhiyyə və inkişafın ən ciddi problemlərindən biridir. Qeyd olunub ki, hər iki saniyədə 70 yaşınadək bir insan qeyri-yoluxucu xəstəliklərdən dünyasını dəyişir.
Məruzədə bildirilib ki, dünyada üstünlük təşkil edən əsas qeyri-yoluxucu xəstəliklərə ürək xəstəlikləri və insult kimi ürək-damar xəstəlikləri, eləcə də xərçəng, şəkərli diabet, xroniki respirator xəstəliklər və ruhi xəstəliklər daxildir: "Onlar birlikdə hər il 41 milyon insan həyatına son qoyur və dünyada ölüm hallarının təxminən dörddə üçünü təşkil edirlər".
Məruzə zamanı bütün dünyada tətbiq edilə bilən, bu göstəriciləri aşağı sala bilən, insan həyatını xilas edə bilən və pula qənaət edə bilən iqtisadi nöqteyi-nəzərdən səmərəli tədbirlər təqdim edilib.
Yeni informasiya portalında 194 ölkədə qeyri-yoluxucu xəstəliklər üzrə konkret ölkələr, risk amili və siyasət amili üzrə son məlumatlar təqdim edilib.
Portal siqaret çəkmək, qeyri-sağlam qidalanma, alkoqolun zərərli istifadəsi və fiziki aktivlik çatışmazlığını ehtiva edən risk amilləri ilə birlikdə ürək-damar xəstəlikləri, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəliklər üzrə məlumatları tədqiq etməyə imkan verir.
Portal müxtəlif ölkələrdə qanunauyğunluq və tendensiyaları aşkar edir və ölkələr və regionlar arasında müqayisə aparmağa imkan verir (Azərtac).
Qeyd edək ki, hələlik ki, mediada yeni informasiya portalının adı açıqlanmayıb.