TƏHSİL

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təşviq edilməsi istiqamətində universitetlərin fəaliyyətinə dəstək göstərilir.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. 2022-2023-cü tədris ilinin başlaması ilə əlaqədar əcnəbilərin qəbulu və təhsilinin təşkili işinin əsas icraçıları olan təhsil müəssisələrinin işinə dəstək məqsədilə bir sıra addımlar atılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti ("SIA: CAS: Study in Azerbaijan Centralised E-Application Service") istifadəyə verilib: Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Elm və Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nin (bundan sonra – TMİS) "Elektron sənəd qəbulu" altsistemi vasitəsilə elektron qaydada müraciət edir.
Sözügedən müddəa Qaydalara Nazirlər Kabinetinin 2021-ci il 11 oktyabr tarixli 302 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən əlavə olunub. Qərar 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minib. Bununla da 2022-2023-cü tədris ilində ölkəmizdə təhsil alması üçün əcnəbi vətəndaşlar vahid elektron platforma üzərindən müraciət edirlər. Bununla da əcnəbi vətəndaşlar üçün öz ölkələrindən müraciət, qəbul prosesinin asanlaşdırılması, müraciətlərini izləmə, təhsil haqqının onlayn ödənişi imkanı yaradılıb.
Dövlət hesabına təhsil alması üçün əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib. Belə ki, ölkə Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş təhsil qrantı proqramları çərçivəsində 20 nəfər İslam Əməkdaşlıq Təşkilatı və 20 nəfər Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşı, həmçinin hökumətlərarası saziş çərçivəsində təhsil alması üçün 41 nəfər Çin, 1 nəfər Tacikistan, 5 nəfər Qazaxıstan vətəndaşının müraciəti dəyərləndirilib. Yaxın günlərdə həmin əcnəbi tələbələrin tədrisə başlaması gözlənilir.
Əcnəbi tələbələrin vaxtında təhsil yerinə gəlişinin təmin olunması məqsədilə ali təhsil müəssisələri tərəfindən əcnəbi vətəndaşların hazırlıq kursları istisna olmaqla, digər təhsil səviyyələrinə qəbulu üçün son tarix 30 sentyabr müəyyən edilib. Hazırda qəbul prosesi yerli ali təhsil müəssisələri tərəfindən davam etdirilir.
Azərbaycanda təhsil alan əcnəbilərin son 5 tədris ili üzrə sayına nəzər salsaq, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər olub. Ötən 2021-2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Sözügedən tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb. Əcnəbi tələbələrin ən çox təhsil aldığı yerli ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, ADA Universitetidir. 2022-2023-cü tədris ili üçün əcnəbi tələbələrin qəbuluna dair statistik məlumat cari ilin sonuna doğru məlum olacaq.
Senytabrın 12-də Dövlət Miqrasiya Xidmətində (DMX) DMX, Elm və Təhsil Nazirliyi, ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunmuş görüş keçirilib. Görüş zamanı ölkəyə giriş-çıxış, ölkədə yaşama icazələrinin rəsmiləşdirilməsi məsələlərinə dair məlumatlar verilib, ali təhsil müəssisələrinin sualları cavablandırılıb. Bununla yanaşı, təhsil müəssisələrinin işinə strateji dəstək (reytinq cədvəllərində iştirak, marketinq mövzularında təlim və görüşlər keçirilib, təlimat məktubları göndərilib) məqsədilə digər fəaliyyətlər davam etdirilir.
Əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təşviq edilməsi istiqamətində universitetlərin fəaliyyətinə ("Ölkə Təqdimatları" əcnəbilərin özündən, tanınmış ictimai xadimlərlə görüşlər, səfərlər və s.) dəstək göstərilir.
Ötən il əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkı və işğaldan azad olunmuş ərazilərə səfərləri, "Yaşıl Marafon" layihəsi çərçivəsində "Zəfərdən yaşıl düşüncəyə" devizi altında ağacəkmə kampaniyasında iştirakı təşkil olunub. Dünya miqyaslı peşəkar fotoqraf Reza Deqati işğaldan azad olunmuş Kəlbəcər rayonundan onlayn qoşularaq ölkəmizdə təhsil alan əcnəbi tələbələrə işğal nəticəsində mədəni irsimizə və ekoloji mühitə dəyən ziyandan irəli gələn müşahidələrini paylaşıb. Yeni tədris ilində bu kimi tədbirlərin, eyni zamanda, təhsil qrantı proqramları ilə yeni qəbul olmuş əcnəbi tələbələrlə görüşün təşkili nəzərdə tutulur.