CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə məhkumluğun Azərbaycanda cəza təyinində nəzərə alınması qaydası müəyyənləşir

Yeni dəyişikliklərlə məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Cinayət Məcəlləsində qanunla müəyyən edilən qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının 11-ci (əvvəlki qərarlar) maddəsinin icrası məqsədilə hazırlanıb. Konvensiyanın 11-ci maddəsinə əsasən, hər bir tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.
Eyni zamanda bu layihədə əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunan hüquqi şəxsə yeni cinayətə görə cinayət-hüquqi tədbir təyin olunmasının mexanizmlərinin Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilir (APA).