CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın avtomobildən azad olunması üçün tramvay və troleybusları geri qaytarmaq lazımdır

Tıxaclar Bakını iflic vəziyyətə salıb, əsas çıxış yollarından biri isə şəhərin avtomobillərdən azad olunmasıdır.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. 22 Sentyabr - Dünya Avtomobilsiz Gününün Azərbaycanda da təşviqinin tərəfdarıyam. Yaxşı olardı ki, sosial şəbəkələr üzərindən tanınmış xadimlər, ziyalılar özlərinin avtomobilsiz "car-free" günləri ilə bağlı paylaşımlar etsinlər. Məsələn, millət vəkillərindən biri bir günlük avtomobilsiz həyata üstünlük versin və bununla da sıravi insanlara da müsbət nümunə olsun.
22 sentyabr - Ümumdünya Avtomobilsiz Günü haqda danışan Nəqliyyat üzrə ekspert Rövşən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
O bildirir ki, yeni tədris mövsümü başaldığından yollarda sıxlıq və tıxac müşahidə olunur, bu səbəbdən xüsusən də indiki vaxtda bu cür təşviqlərə böyük ehtiyac var:
"Tıxaclar Bakını iflic edib. Düşünürəm ki, paytaxtda yalnız ictimai nəqliyyatın hərəkətinə üstünlük verilərsə, bu zaman hər kəs rahatlıqla mənzil başına çatmış olar".
"Bununla həm ətraf mühitə, həm ailə büdcəsinə, həm də insanların sağlamlığına müsbət təsiri görə bilərik", - deyə ekspert əlavə edib.
Bəs, avtomobilsiz yol infrastrukturunun yaradılması üçün nələr edilməlidir?
Ekspert qeyd edir ki, şəhər tikinti norma və qaydalarına əsasən salınmalıdır, tramvay və troleybuslar paytaxta geri qayıtmalıdır: "Bu nəqliyyat vasitələrinin paytaxta geri qayıtması hər kəsi məmnun edə bilər. Lakin bunun üçün də infarsturktur qurulmalı, bu nəqliyyat vasitələrinin yolları ayrılmalıdır".
Digər nəqliyyat eksperti Fərhad Hüseynov Sputnik Azərbycan- a açıqlamasında bildirib ki, vaxtı ilə hər kəsin avtomobilləşmə arzusu olsa da, indi vəziyyət əksinə dəyişib: "Ola bilər ki, gələcəkdə biz də bu yola əl atdıq. Ancaq indiki halda yxşı olardı ki, heç olmasa indiki halda insanlar bir gün avtomobillərindən imtina etsinlər".
Dünyada vəziyyət necədir?
Bir çox ölkələr öz təqvimlərində 22 sentyabra xüsusi diqqət ayırıblar. Bəzi meqapolislərdə şəhərə avtomobillə daxilolma ya tamamən, ya da qismən qadağan edilib. Buna misal olaraq Venesiya, Valensiya, Nuremberqi göstərmək olar.
Bəs, "Car-free" üçün dünya ölkələri nə edir?
- Küçələrdə parkinq qadağan edilir
- Xüsusi olaraq avtomobilsiz günlər qeyd olunur
- Avtomobilsiz hərəkət təşviq edilir
- Velosipedlə hərəkət təşviq edilir
- Velosiped yolları çəkilir
- Avtomobil yolları pullu edilir
- Yollar sırf piyadaların hərəkəti üçün qurulur
- Ağıllı şəhərlər yaradılır, lazımi infrastruktur formalaşdırılır
Qeyd edək ki, hər il 22 sentyabr dünyada beynəlxalq "Car-free" günü kimi qeyd olunur. Bu günün təsis edilməsində məqsəd havanın çirklənməsinin qaşısını almaq və insanlara daha sağlam həyat bəxş etməkdir.