BAKI, 22 sentyabr — Sputnik. Mingəçevir teatrının Baş rejissoru, aktyor Vüsal Mehrəliyev teatrın otaqlarından birində yaşayır. Bu barədə jurnalist İntiqam Valehoğlu sosial hesabında yazıb. O bildirib ki, aktyorun Mingəçevirdə qalmağa yeri yoxdur. Onun sözlərinə görə, rejissor teatrda boş otaqlardan birində yaşayır. Yatmağa yeri olmadığından döşəmədə yatdığını bildirib: "Vüsal teatrda boş otaqlardan birinin döşəməsində yatır. Çünki teatrın qonaq otağında dizə qədər zibil var, kondisionerini söküb satıblar. Maaş isə 430 manatdır, kirayədə qalmağa imkan vermir. Çünki adam Bakıda ailə qoyub gəlib, evə də 5-10 manat göndərməlidir"
Jurnalistin dediyinə görə, rejissor Vüsal Mehrəliyevin çalışdığı teatrda elə insanlar var ki, adları orada olsa da, özləri işdə olmurlar. Jurnalist deyib ki, həmin insanların maaş kartları teatrın direktoru Anar Quliyevdədir: "Baş rejissor Vüsal Mehrəliyev teatrın direktoru Anar Quliyevə deyib ki, ştatda 10-12 nəfər "ölü can" var, bunları çıxaraq, mən yeni aktyorlar dəvət edim, tamaşalar hazırlayım. Anar Quliyev isə baş rejissora cavab verib ki, "Mədəniyyət Nazirliyi və konkret olaraq nazir Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm". Yaxın vaxtlarda bu barədə geniş araşdırmanı və həmin 10-12 nəfərlik siyahını sizə təqdim edəcəyəm".
Məsələ ilə bağlı açıqlama verən Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev bu məlumatın şişirdildiyini bildirib: "Mən 7 aydır bu teatrda işləyirəm. Teatrda ştat problemini bütün mətbuat bilir və aktyor ştatı təmizlənməldir. Bununla bağlı iradımı direktora bildirmişəm. Və teatrın direktoru ilə heç bir problemim yoxdur. Sadəcə, ştatın yenilənməsini və yeni aktyorların dəvət olmasını tələb etmişəm. Zamanla bu problemin aradan qaldırılmasına çalışırıq. Direktorla aramda olan söhbətin mətbuata ötürülməsindən xəbərim yoxdur".
Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Emin İbadullayev də səsləndirilən fikirlərin əsassız olduğunu söyləyib: "Sezondan öncə Vüsal Mehrəliyev evini dəyişməli idi. Ona öz evimdə qalmağı təklif etdim. O istəmədi. Amma sonradan et tapıb-tapmadığını bilmirəm. Teatrda qalmağı fikri doğru deyil".
Teatrın bəzi aktyorlarının ştatda olub teatra gəlməmsinə gəldikdə isə E.İbadullayev bu fikrin də əsassız olduğunu vurğulayıb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, teatrın direktoru və baş rejissorunun Nazirliyə dəvət olunduğu bildirilib: "Sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Məsələ öz həllini tapdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".