CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərə məxsus VPN-lərə qoşulanları böyük təhlükə gözləyir: Vətən xaini ola bilərsiniz

Mütəxəssislər hər kəsə VPN-lərdən uzaq durmağı tövsiyə edir, əks halda istəmədən hansısa cinayətin səbəbkarı ola bilərsiniz.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Ermənilərə məxsus VPN-lərlə şəbəkəyə daxil olmaq cinayətdir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında İnformasiya Kommunikasiya vəTexnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.
Onun sözlərinə görə, bir şəxs bilmədən də düşmənə məxsus VPN-lərdən istifadə edirsə, bu o deməkdir ki, qarşı tərəf yüz faiz həmin şəxsin bütün məlumatlarını kopyalayıb. Belə olan halda qarşı tərəf bank hesabındakı məbləği oğurlayaraq lazım olan istiqamətdə işlədə, zərərçəkmiş şəxs haqda isə terrorçu, vətən xaini imicini formalaşdıra bilər.
Abbasov bildirir ki, indiki dövrdə hansı VPN-in düşənə aid olub-olmadığını müəyyənləşdirmək çətin deyil:

"Demirik ki, sadəcə ermənilərə məxsus VPN-ləri istifadə etməyin, ümumiyyətlə, deyirik ki, digər VPN-ləri də istifadə etməyin".

Mütəxəssisin dediyinə görə, ümumiyyətlə, VPN xidmətindən yararlanan şəxslərin İP ünvanları qeyri-qanuni yollarla gizlədilir:
"Yəni şəxs Bakıda ola-ola onun ünvanı başqa ölkədə göstərilir. İstənilən halda bu, qanunsuz əməldir. Bu yollardan istifadə edənlərin bütün məlumatları - şəxsiyyət vəsiqələrinin nüsxələri, sosial şəbəkə hesablarına giriş parolları da əldə edilir. Təbii ki, həmin şəxslər sonradan bunun ciddi fəsadlarından, yaratdığı problemlərdən əziyyət çəkirlər, bank hesablarındakı vəsaitlər, hətta internet üzərindən qurulan bizneslər də oğurlanılır".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir.
VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir
Qeyd edək ki, İKT üzrə bir sıra mütəxəssislər bu VPN-lərin ermənilərə məxsus olduğunu bəyan ediblər:
Express VPN, Nord VPN, VPN 360, CyberGhost VPN, HMA VPN, Turbo VPN, Argo VPN, Surfshark VPN.
Xatırladaq ki, sentyabrın 14-dən etibarən Azərbaycanda "Tiktok" sosial şəbəkəsinə girişə məhdudiyyət qoyulub. Buna səbəb Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdiyi genişmiqyaslı təxribatlar olub. Sosial şəbəkənin fəaliyyətinin dayandırılmasında məqsəd bu platformada ordumuzun uğurlarına kölgə salan və hərbi sirləri özündə əks etdirən məlumatların yayılmasının qarşısını almaqdır. Belə olduğu halda "Tiktok" sosial şəbəkəsindən istifadə etmək istəyənlər başqa ölkələrə məxsus müxtəlif VPN-lərə qoşulurlar. Mütəxəssislər isə VPN serverlərinin bir çoxunun Ermənistanın payına düşdüyünü bəyan ediblər.