BAKI, 22 sentyabr — Sputnik. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır.
Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır.
ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74.242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.