BAKI, 22 sentyabr — Sputnik. Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeni fəaliyyətə başlamış 88 saylı məktəbdə müəllim çatışmazlığı var. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onlar bildiriblər ki, övladlarının yeni, böyük və işıqlı məktəbdə təhsil almasına sevinsələr də, bu sevincləri uzun çəkməyib.
Məlum olub ki, məktəblərdə bütün fənlər üzrə müəllimlər tam fəaliyyətə başlamayıb. Bəzi fənlər üzrə müəllimlər olmadığından, həmin dərslər boş keçir.
Valideynlər onu da qeyd ediblər ki, uşaqları məktəbdə gün ərzində üç-dörd saat dərs keçir.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Binə qəsəbəsində müəllim çatışmazlığı ilə bağlı yerlər vakansiyaya çıxardılıb.
K.Əsədovun sözlərinə görə, ərazidə dörd məktəb var ki, onların içərisində şagird sıxlığı olanlardan yeni fəaliyyətə başlayan 88 saylı təhsil müəssisəsinə həm şagird, həmçinin də müəllimlər köçürüləcək. Bunun ardınca isə digər vakant müəllim yerləri barədə elan veriləcək.
Ekspert onu da deyib ki, paytaxtın əksər məktəblərində müəllim çatışmazlığı var:
"Məktəbin fəaliyyətə başlayacağı əvvəldən nəzərə alınaraq oraya vaxtında müəllimlərin işə qəbulu aparılmalı idi ki, yeni tədris ilində belə problem yaranmasın".
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarədən 88 saylı məktəbdə müəllim çatışmazlığının səbəbi belə izah ounub:
""Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu da Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir".
Daha sonra bildirilib ki, Bakı şəhəri 88 nömrəli tam orta məktəb yeni tədris ilindən fəaliyyətə başladığından məktəbin I sinfinə şagird qəbulu 14.09.2022-ci il tarixədək, şagirdlərin yerdəyişməsi isə 05.09.2022-ci il tarixədək davam edib:
"Sinif komplektlərinin sayı və vakansiyalar dəqiqləşdikdən sonra təqdim olunmuş vakant yerlər müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılıb. Hazırda vakant yerlərə ixtisaslı müəllim kadrlarının yerləşdirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən bal ardıcıllığı gözlənilməklə aparılır".