BAKI, 22 sentyabr — Sputnik. Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib".
Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur:
"Ticarət həcmimiz 5 milyard dollar ətrafındadır. Bunun 15 milyard dollara çatdırılmasına töhfə verəcəyimizə səmimi qəlbdən inanıram".
Nazir qeyd edib ki, Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal da istifadəyə verilib: "Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər".
Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda qeydiyyatdan keçib
Səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib ki, 17 may 2022-ci il tarixdə Ankara şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyi arasında imzalanan Əməkdaşlıq üzrə Yol Xəritəsində Biznes Forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur.
Onun sözlərinə görə, Forumun ölkələrimiz arasında əczaçılıq və tibbi avadanlıqlar sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətini yüksək qiymətləndirirlər: “Hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir. Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Bu gün burada auditoriyada hər iki tərəfdən əczaçılıq sektorunun nümayəndələri, tibbi avadanlıq istehsalçıları, tibbi turizm nümayəndələri iştirak edirlər. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və Forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”.