BAKI, 21 sentyabr — Sputnik. "Yeni Klinika" bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstərməyə başlayacaq".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Yeni Klinika" artıq yalnız koronavirus xəstələrinin müalicəsi ilə bağlı deyil, digər sahələr üzrə də vətəndaşlara xidmətlər göstərəcək:
"Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Demək olar ki, işlər yekunlaşmaq üzrədir. "Yeni Klinika"da kifayət qədər əməliyyat otaqları və palatalar mövcuddur. Bundan əlavə, yaxın zamanlarda Azərbaycanda mövcud olmayan və bu günədək həyata keçirilməyən bir sıra əməliyyatlar da bu tibb müəssisəsində icra olunacaq. Eyni zamanda, qısa müddətdə robotik cərrahiyyənin həyata keçiriləcəyini qeyd etmək istərdim".
V.Qurbanov bildirib ki, "Yeni Klinika"da poliklinika şöbəsi tam fəaliyyətdədir və hazırda bir sıra əməliyyatlar da həyata keçirilir.
Qeyd edək ki, "Yeni Klinika" 28 mart 2020-ci ildən etibarən fəaliyyət göstərir. Əvvəllər orada sırf koronavirus xəstələrinin müalicəsi həyata keçirilirdi.