SƏHİYYƏ

Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir

Türkiyəli nazirin Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirakı nəzərdə tutulub.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana gəlir. Səfər çərçivəsində türkiyəli nazir sabah Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək.
Türkiyəli nazirin Azərbaycanda keçiriləcək olan Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Ankarada Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyənin səhiyyə naziri Fahrettin Koca arasında görüş keçirilib. İki qardaş ölkəni təmsil edən heyətlər arasında müzakirələr aparılıb.
Fahrettin Koca və Teymur Musayev görüşdən sonra "Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi"ni imzalayıblar.
Fahrettin Koca Azərbaycanda "Birgə Sağlamlıq Biznes Forumu"nun keçirilməsi təklifi ilə çıxış edib.