BAKI, 21 sentyabr — Sputnik. Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanır.
Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planına daxil edilib.
Sənədə əsasən, komitə Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət, hökumət qurumları ilə birgə iş təşkil edəcək.
Qeyd edək ki, komitənin iş planına daxil edilən digər məsələlər aşağıdakılardır:
- Vətən müharibəsi dövründə və ondan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının hüquqi qiymətləndirilməsi və beynəlxalq təşkilatlarla birgə tədbirlərə dair müzakirələrin keçirilməsi;
- Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı təxribatlarının insan hüquqları kontekstində qiymətləndirilməsi, beynəlxalq təşkilatlara bununla əlaqədar davamlı olaraq sənədlərin, hüquqi aktların göndərilməsi;
- Hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə "Komitə yanında İnsan Haqları ilə bağlı Çevik qrupun yaradılması" ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi;
- "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsinin hazırlanmasına dair dinləmələr;
- Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması.
Xatırladaq ki, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Qarabağa qayıdışla bağlı qanunvericilik aktı hazırdır. Parlament və Prezident Administrasiyasının əməkdaşlığı çərçivəsində sənəd üzərində son tamamlama işləri gedir.