BAKI, 21 sentyabr — Sputnik. Qapılarına vurulmuş qırmızı lenti Azərbaycan bayrağı əvəzlədi. Bəy otağı bəzəkli, nişanlısının aldığı bəylik kostyumu şkafdan asılı qaldı. Vağzalı sədaları altında gəlin gətirməyin xəyalını qurarkən qapılarında yas çadırı quruldu.
Yəqin ki, çoxunuz söhbətin yaxın günlərdə toyu olacaq şəhid Hüseyn Nəcəfzadədən getdiyini anladınız. Sputnik Azərbaycan toya hazırlaşarkən şəhid xəbəri gələn Nəcəfzadə ailəsindən reportajı təqdim edir.
"Onun bəylik kostyumunu özüm seçmişdim"
Şəhid leytenant Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Nəcəfzadə ilə söhbətə onların tanışlığı ilə körpü salırıq. Atlasın dediyinə görə, Hüseyn onu rayona bibisinin evinə qonaq gedəndə görüb bəyənib. Qəlbini ona açaraq sevdiyini söyləyib. Bu tanışlıq qısa müddətə böyük sevgiyə çevrilib: "Hüseynlə bir-birimizi dəli kimi sevirdik. Mənimlə tanış olandan sonra dedi ki, səni sevdiyimi ailəmin də bilməyini istəyirəm. Valideynlərini elçi göndərdi.
"Hə" məclisimizdə özü işi ilə əlaqədar iştirak edə bilmədi. Nişan günümüzə belə həmin günü gəlib çatmışdı. Nişanlı olsaq da, Hüseyn hərbiçi olduğundan, işi ilə əlaqədar az-az görüşürdük. Gündə bir neçə dəfə mənə zəng edirdi. İmkanı olan kimi görüntülü zəngləşirdik. Hüseyn çox qəlbi təmiz, mərd, qorxmaz idi. Onun bəylik kostyumunu özüm seçmişdim. Həmişə mənə deyirdi ki, sən müəllim kimi xalqa xidmət edəcəksən, mən isə zabit kimi. O bununla fəxr edirdi".
Şəhid olacağı ürəyinə dammışdı...
Hüseyn nişanlısı ilə ölümündən bir neçə saat əvvəl danışıb: "Şəhid olmamışdan bir gün əvvəl mənə görüntülü zəng etmişdi. Nəzərlərini bir nöqtəyə zilləmişdi. Niyə belə durduğunu soruşdum. Gözləri doldu, başının üstündə asdığı bayrağa baxıb dedi ki, "mənə bir gün nəsə olsa pis olma, Vətən sağ olsun". Sən demə şəhid olacağı ürəyinə dammışdı.
Sentyabrın 16-da səhər tezdən, saat 07:00-da mənə zəng etdi. Dedi ki, dur bəzən şəklini göndər mənə. Səbəbini soruşdum, eləcə ürəyi belə istədiyini söylədi. O şəkilin üzərinə şeir yazıb göndərdi mənə. Həmin gün saat 14:25-də zəng edərək dedi ki, iki saatlıq təminatla bağlı işim var, sonra sənə zəng edəcəm. Bu onun mənə son zəngi oldu".
İndi Atlasın tək təsəllisi Nəcəfzadə soyadını daşımasıdır. Sən demə artıq rəsmi nikaha da giriblərmiş: " Bu gün bir təsəllim var ki, onun soyadını daşıyıram. Hər gün dua edirəm ki, bir dəfə də olsun yuxuda görüm onu. Leyli və Məcnun sevgisi bəlkə də bizim sevgimizin yanında yalan olar. Onun taxdığı üzüyü barmağımda əbədi daşıyacam".
Şəhid Hüseyn Nəcəfzadə
© Sputnik / Zulfiyya Guluyeva
Nişanlısının şəhid xəbəri isə qudalar toy məsləhətləşməsi edərkən gəlib: "Hüseynin ailəsi bizə gəlmişdi ki, toyla bağlı məsləhətləşək. Süfrə arxasında əyləşmişdik. Birdən Hüseynin anasına zəng gəldi ki, Hüseyn şəhid olub. Onun tikəsi əlində qaldı. Mən buna inanmadım. Çünki, Hüseyn çox diqqətli idi, güclü hissiyatı vardı. Onun şəhid olduğuna, məni əbədi olaraq tərk edəcəyinə nəinki inanmaq, heç ağlıma belə gətirmək istəmirdim".
"Evimiz də taleyimiz kimi nakam qaldı"
Amma şəhidlik elə Hüseynin arzusu olub. Nişanlısı Atlasın sözlərinə görə, Hüseyn 44 günlük müharibədə şəhid olmadığına təəssüflənirmiş. Deyir ki, " mənim qardaşlarım torpağın altınadıdır, mən isə sağam".
2020-ci ilin iyul ayında tanış olub bir-birini sevən cütlük gələcəklə bağlı gözəl planlar qurublar. Ən böyük arzuları ev-eşik qurub oğul-uşaq sahibi olmaq olub. Amma "sən saydığını say, gör fələk nə sayır"deyiblər. Hüseyngilin həyətindəki ev də onların taleyi kimi yarımçıq qalıb:
"Bu evlə bağlı gözəl xəyallar qurmuşduq. Deyirdi ki, evin dizaynını sən edərsən. Mənim zövqümü bəyənirdi. Gələcəkdə dörd uşağının olacağını söyləyidi. Biz də bu dövrün Leyli-Məcnunuyuq. Bir-birimizə qovuşmadan əbədi ayrıldıq".
Şəhid Hüseyn Nəcəfzadə
© Sputnik / Zulfiyya Guluyeva
Hüseynin nənəsi ona həmişə "polkovnik balam" deyirmiş
Hüseynin anası Könül Nəcəfova isə hələ də balasının yoxluğuna inanmadığını, tək təsəllini balasının şəhidlik məqamına yüksəlməsində tapdığını söyləyir:
"Hüseynin nənəsi ona həmişə "polkovnik balam" deyərdi. Onun qardaşı hərbiçi olduğundan, Hüseyni də elə əzizləyirdi. Hüseyn də böyüyəndə hərbiçi olacağını deyirdi. Hətta 9-cu sinifi başa vuranda Heydər Əliyev Adına Ali Hərbi Məktəbə sənəd qəbuluna gecikdiyi üçün çox məyus olmuşdu.
11-ci sinfi başa vurub öz istəyinin ardınca getdi. Heydər Əliyev Adına Ali Hərbi Məktəbə daxil oldu. Orta məktəbdəki kimi ali hərbi məktəbi də əla nəticələrlə başa vurdu. Ona çoxlu təşəkkürnamələr verilmişdi. Sevinirdim ki, balam başımızı uca etdi. 44 günlük müharibədə Suqovuşan və Talış yüksəkliyi uğrunda döyüşdü. Həmin müddətdə ana kimi çox böyük narahatlıq keçirdim. Hüseynin müharibənin od-alovundan sağ-salamat gəldiyinə qurban demişdik. O qurban ətindən bir tikə belə evə saxlamadıq. Hamısını payladıq".
Şəhid anası Könül Nəcəfova
© Sputnik / Zulfiyya Guluyeva
Anası söyləyir ki, Hüseyn əsgərlərinə qarşı da çox diqqətcil olub. Evə gələndə onlara çoxlu pay alıb aparırmış. Novruz bayramında əsgərlərinə bayram xonçası hazırladıbmış.
"Nişanına 51 xonça tutmuşdum"
Amma Hüseynin öz bəy xonçaları bəzəkli qaldı. Anası Könül xanımın sözlərinə görə,oğluna 51 xonça hazırladıb, 100 nəfərlə nişan aparıb: "Hüseyn çox tez-tez gələ bilmədiyimdən iyunun 21-ə toy danışdıq. Nənəsi rəhmətə getdiyindən qərara gəldik ki, toyu çox saxlamayaq. Oktyabrın 2-də Atlasın toyunu etdik. OKtyabrın 11-də Hüseynin ad günüdə onun toyunu danışdıq. Toyunu gözləyərkən tabutunu gəldi".
Hüseynin bəylik otağı bu gün onun orden-medalları, təşəkkürnamələri, nişan şəkilləri ilə bəzədilmişdi. Könül Nəcəfova balasının bəzənmiş otağında yarına qovuşmadan onları əbədi tərk etdiyini söylədi: "Balamın tabutu gələndə qoymadım həyətdə saxlasınlar. Öz bəylik otağına gətirib onu bu otaqdan son mənzilə yola saldım. Halbuki arzum ona bəylik kostyumunda bu otaqdan çıxdığını görmək idi".
Şəhid Hüseyn Nəcəfzadə
© Sputnik / Zulfiyya Guluyeva
"Amma onun istəyi hərbiçi olmaq idi"
Hüseynin atası Abbasqulu Nəcəfov isə Hüseynin körpəliyini gülümsəyərək xatılayır. Deyir gələ uşaqkən həyətdə tikinti işləri aparanda Hüseyn ona kömək edirmiş. Mişar daşlarına gücü çatmasa da itələyərək aparırmış. Hələ körpəlikdən ona kömək edirmiş. Atasının sözlərinə görə, oğlunun polis olmağını arzulayırmış: "İstəyirdim mənim kimi polis olsun. Amma onun istəyi hərbiçi olmaq idi".
Atası oğlu ilə şəhid olmamışdan bir saat əvvəl danışıb: "Mənə zəng edib dedi ki, ata mümkünsə kartıma pul göndər, əsgərlərimə sabah qənimət götürdüyümüz dananı kəsəcəyəm. Bir az da toydan söhbət etdik. Dedim ki, qudalarla görüşə getmək istəyirik. Dedi bəlkə bir neçə gün gözləyəsiz. Bəlkə də şəhid olacağı ürəyinə damıbmış".
Şəhidin atası Abbasqulu Nəcəfov
© Sputnik / Zulfiyya Guluyeva
"Zarafatla deyridi ki, sizə məruzə edirəm"
Qardaşı Nəcəfzadə Balahüseyn isə qardaşı ilə futbol oynadığı günləri xatırlayır. Deyir ki, qardaş itkisi ağır olsa da, tək təsəllisi Hüseynin şəhidlik zirvəsinə ucalmasında tapır:
"Qardaşımla fəxr edirdim ki, Vətən müharibəsində iştirak edib. Qardaşımın Talış yüksəkliyinə bayrağı sancan videosuna baxmaqdan doymurdum. Ən son şəhid olan gün danışmışam. Səhər saat 8 radələrində mənə səsli mesaj göndərərək yaxşı olduğunu söylədi. Bizim vatsaq qrupumuz vardı. Gündə üç dəfə ora səsli mesaj göndərirdi. Zarafatla deyridi ki, sizə məruzə edirəm. Günorta isə ondan mesaj gəlmədi. Sonra şəhid xəbərini aldım".
Şəhidin qardaşı Balahüseyn Nəcəfzadə
© Sputnik / Zulfiyya Guluyeva
"Hər təhlükəli yerə özü gedirdi"
44 günlk müharibədə Hüseynin komandanlığı altında döyüşən Xalid Nurməmmədov da komandirindən ağız dolusu danışır. Deyir ki, ən yadda qalan döyüşləri Çinarlıq adalana ərazidə aparılan döyüş olub: " Orada çoxlu sayda yaralı və şəhid olmuşdu. Silahları səngərdə qalmışdı. O həmin silahlarla atıb erməniləri aldatmışdı. Onlar elə bilirdilər ki, əsgər sayı çoxdur. Bizim bölüyümüz şəhidləri və yaralıları çıxartdıqdan sonra bildi ki, Hüseyn tək döyüşürmüş".
Onun sözlərinə görə, Hüseyn heç vaxt əsgərlərini təhlükəli yerə göndərmirmiş: "Subay olana deyirdi ki, "anan var", ailəli olana isə, "övladın var". Hər təhlükəli yerə özü gedirdi. Döyüş vaxtı dumanda iki gün qalmışdıq. Özü tək gedib su gətirirdi. Bütün əsgər yoldaşlarım bu gün onu ziyarətə gəlmək istəyirdi. Amma məlum səbəbdən hamısı gələ bilmədi".
Şəhidin döyüş yoldaşı Xalid Nurməmmədov
© Sputnik / Zulfiyya Guluyeva
Şəhidlər Xiyabanındakı ən son məzar...
Hüseynin məzarının yan-yörəsinə düzülən əklillər isə onu ziyarətə gələnlərin ardının kəsilmədiyindən xəbər verirdi. Saray şəhidlər xiyabanında ən sonuncu məzarın ətrafı çiçəklərlə bəzədimişdi. Bu şəhid leytenant Hüseyn Nəcəfzadənin məzarı idi...