BAKI, 21 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyindən bildiriblər ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.
Xatırladaq ki, dünən Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.