BAKI, 21 sentyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.
Bu barədə o, "Twitterdə" paylaşım edib.
Xatırladaq ki, sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıya səfər edib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər.
Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib. Sentyabrın 13-də əldə edilmiş atəşkəsin bir neçə saat sonra Ermənistan tərəfindən pozulduğu və mövqelərimizin intensiv atəşə tutulduğunu bildirib.
Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirdiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
Nazir Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. O, bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduqlarını və ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin normallaşma prosesinin müxtəlif aspektləri, bu istiqamətdə zəruri addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.