HADİSƏ

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin gözlənilən hücumu ilə bağlı "Twitter" hesabında yazıb.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır.
Bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır.
Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.
Xatırladaq ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət edib.
Müraciətdə deyilir ki, uzun illərdir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər etnik zəmində nifrət və bundan irəli gələn soyqırım və terror siyasəti həyata keçirən Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatlar törətməkdə davam edir.
Bu günlərdə Livanda yaşayan erməni əsilli ekstremist qüvvələrin "aksiya" keçirmək adı ilə Beyrut şəhərində Azərbaycan səfirliyinin qarşısına toplanaraq səfirlik binasına hücum etməyə və azərbaycanlı diplomatların həyatlarına yönəlik qəsdlərə cəhd göstərmələri faktı bunu bir daha təsdiqləyib. Bu cür hallar Amerika Birləşmiş Ştatları və Fransadakı səfirliklərimiz qarşısında da yaşanıb. Xüsusilə Fransada "dinc aksiya" keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilib, vandalizm xarakterli əməllər törədilib. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməyib. Bu isə dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.
Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur.
"Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan bu kimi xoşagəlməz hadisələri, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyirik"-deyə müraciətdə bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb.