BAKI, 21 sentyabr — Sputnik. "Qərb başa düşmür ki, sanksiyalar tətbiq etməklə Rusiyanı öz intellektual məhsulunu inkişaf etdirməyə vadar edib və bu, çox yaxşıdır". Bunu Rusiya prezidenti Vladimir Putin qabaqcıl mühəndislik məktəblərinin rəhbərləri və onların sənaye tərəfdaşları ilə görüşündə deyib.
"Bizim bədxahlarımız nə etdiklərini başa düşmürlər. Onlar bizi tənbəlliyimizi atmağa və mineral ehtiyatlarımıza arxalanaraq öz intellektual məhsulumuzu inkişaf etdirməyə məcbur etdilər. Bu, çox yaxşıdır, əlbəttə ki, uğursuzluqlara yol vermək olmaz", - Putin bildirib.
Rusiya dövlət başçısının fikrincə, əgər RF mühəndislik məktəblərinə vaxtında investisiya qoysaydı, indi heç bir problem və intellektual məhsulun çatışmazlığı olmazdı:
"Çünki yerli məhsulun inkişafına diqqət yetirmək üçün vaxtında qayğı göstərilsəydi, o zaman hər hansı əngəl olmaz, hər şey əvvəlcədən yerinə yetirilərdi. Vaxtında ora pul yatırılsaydı, hər şey öz-özünə böyüyərdi. Təbii ki, mineral gübrələr istehsal etmək, hər şeyi alıb gətirmək daha asandır".
Rusiya prezidenti qarşıdakı illər üçün federal maliyyələşdirmə çərçivəsində mühəndislik məktəbləri üçün yerli avadanlıq və proqram təminatının alınması imkanlarını araşdırmağa da razılıq verib.
"Kiber Auto Tex" qabaqcıl mühəndislik məktəbinin rəhbəri Quzel Kapitonova bildirib ki, kəskin inkişafa nail olmaq üçün əhəmiyyətli modernləşdirməyə-müasir avadanlıq və yerli istehsal proqram təminatının alınmasına ehtiyac var.
Kapitonova soruşub ki, mühəndislik məktəbləri üçün federal maliyyə vəsaiti elə ayrıla bilərmi ki, xərclərin böyük hissəsi yaxın illərdə avadanlıqların alınmasına yönəlsin.
Prezident Putin cavabında bildirib ki, bəli, mümkündür, biz bu barədə düşünməliyik:
"Hətta təkcə mümkün deyil, həm də məqsədəuyğundur".