BAKI, 21 sentyabr — Sputnik. İşğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Baş prokuror işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub
© Photo : General Prosecutor's Office of the Republic of Azerbaijan
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əvvəlcə müşavirə iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət ediblər.
Müşavirədən sonra Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Ağdam şəhərində görülmüş abadlıq-quruculuq işləri ilə tanış olub.
Baş prokuror işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub
© Photo : General Prosecutor's Office of the Republic of Azerbaijan
Daha sonra Baş prokuror Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub, hərbi qulluqçuları təltif edib.
Xatırladaq ki, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, "Qarabağ Azərbaycandır" ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırıb.
Baş prokuror işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub
© Photo : General Prosecutor's Office of the Republic of Azerbaijan
Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə dövlətimizin başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq "Böyük Qayıdış"ın əsasını qoyduğu qeyd edilib.
Baş prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.