BAKI, 21 sentyabr — Sputnik. Ötən ay Azərbaycana gətirilən ərzaqlıq buğdanın qiyməti bəlli olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, avqust ayında Azərbaycana gətirilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 628,78 manat olub. Bu, iyul ayının göstəricisi ilə müqayisədə 67,75 manat və ya 9,72 faiz azdır.
İyul ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat təşkil edib.
Azərbaycan buğda idxalını azaldıb
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 193 milyon 478 min dollar dəyərində 539 min 332 ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 58,2 faiz artıb, həcmi isə 12,1 faiz azalıb.
8 ayda buğda idxalı Azərbaycanın ümumi idxalının 2,18 faizinə bərabər olub.
Xatırladaq ki, ötən ay Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 5 qəpik qalxaraq 55 qəpik, 600 qramlıq çörək 65 qəpik (əvvəl 60 qəpik), 650 qramlıq çörək isə 70 qəpik (əvvəl 65 qəpik) olub. 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi 40,70 manat müəyyən edilib. Bundan öncə isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat idi.
Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır
Keçən ay Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirib ki, dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.
Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir.
İqtisadçı Xalid Kərimli deyib ki, çörəyin bahalaşmasının səbəbi idxalçıların ərzaq buğdasını baha qiymətə almasıdır: "Son həftələrdə isə dünyada unun qiymətində ucuzlaşma var. Əgər ucuzlaşma davamlı olsa, sonrakı aylarda buğdada ucuzlaşmanı görə bilərik. Lakin çörək daimi baha olacaqsa, onun qiymətini ucuz saxlamaq qeyri-mümkündür".