BAKI, 20 sentyabr — Sputnik. Sanksiyalar, terror, müharibə və qan tökülməsi birtərəfliliyin nəticəsidir. Bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün gəldiyi Nyu-York hava limanında jurnalistlərə açıqlamasında deyib.
O, BMT-nin təkcə böyük dövlətlərin deyil, bütün xalqların təşkilatı olmasının lazımlığını vurğulayaraq, sessiyadan istifadə edərək İranın mövqe və fikirlərini təqdim edəcəyini bildirib.
İran dövlət başçısı onu da qeyd edib ki, görüşdə müzakirə oluna biləcək qlobal problemlərdən biri də bəzi güclü dövlətlərin sanksiyalardan istifadə edərək digər dövlətlərə təzyiq göstərməsidir ki, bu da sülh və təhlükəsizliyə ziddir.
Rəisi əlavə edib ki, terror, müharibə və qan tökülməsi də "kollektiv müdrikliyin köməyi ilə həll edilməli" olan ciddi problemlərdir.