Tehranda polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra Əmir Kəbir və Şəhid Beheşti Texnologiya Universiteti kimi bir sıra böyük universitetlərin ərazilərində tələbələrin kütləvi nümayişləri keçirilir.
Sentyabrın 13-də Əmini Tehranda əxlaq polisi tərəfindən saxlanılaraq izahat üçün polis idarəsinə və hərbi kəşfiyyata məxsus "Fərəc" mərkəzlərindən birinə göndərilib. Bu mərkəzdə qız infarkt keçirib, bundan sonra dərhal xəstəxanaya aparılıb. Üç gün sonra, sentyabrın 16-da o vəfat edib.
Nümayişçilər Mahsanın ölümündə əxlaq polislərini günahlandırırlar. Ölkənin müxtəlif şəhərlərində insanlar etiraz etmək üçün küçələrə toplaşmağa başlayıblar. Sosial şəbəkələrdə qızların saçlarını kəsdirdiyi, iranlı qadının başını mütləq örtməli olan hicab və ya çadraları yandırdığı videolar yayımlanır.
İran Prezidenti İbrahim Rəisi Daxili İşlər Nazirliyinin rəhbərinə Məhsa Əmininin ölümünün səbəblərini və təfərrüatlarını təcili və xüsusi dəqiqliklə araşdırmağı tapşırıb. O, mərhumun ailəsinə zəng edərək, onlara başsağlığı verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kürdüstandakı komandiri Məhsanın ailəsinə baş çəkib, onlara başsağlığı verib və mərhumun işi ilə bağlı dəqiq və qərəzsiz məhkəmə prosesinin aparılacağına əmin edib.