BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Daha sonra qonaqlara Milli Müdafiə Universitetinin tarixi, struktur və təhsil səviyyəsinin təşkili haqqında geniş brifinq təqdim olunub.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, sentyabrın 1-dən sentyabrın 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda "Vostok-2022" təlimləri keçirilib. Ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatıldığı təlimlərdə 50 mindən çox hərbçi iştirak edib. Azərbaycan "Vostok-2022" təlimlərində müşahidəçi qismində iştirak edib.