BAKI, 20 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsində zibil dizə çıxır.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, qəsəbədə zibil qutusu olmadığından, zibil yolun ortasında bordürlərə yığılır. Burada qalaqlanan məişət tullantıları elə olur ki, günlərlə yolun ortasında qalır. Sakinlərin sözlərinə görə, isti havada məişət tullantılarının pis qoxusu ətrafa yayılır.
Həmçinin bordürlərdə qalaqlanmış zibil insanların yolu keçməsinə mane olur. Sakin Nuranə Abbasova bildirir ki, onlar məsələ ilə bağlı dəfələrlə ərazi bələdiyyəsinə müraciət ediblər. Bələdiyyədən isə bildiriblər ki, məişət tullantıları ona görə yolun ortasındakı bordürlərə yığılır ki, zibil maşını onları rahat toplaya bilsin.
Sakinlər deyirlər ki, qəsəbə ərazisində məişət tullantıları konteynerləri yoxdur. Ona görə də məişət tullantıları bordürlərə yığılır, oradan daşınır. Bəzən isə günlərlə orada qalır. Sakinlərin əsas istəyi ərazidə məişət tullantıları konteynerlərinin qoyulmasıdır.
Sputnik Azərbaycan Binə Qəsəbə Bələdiyyəsi ilə əlaqə saxlayıb. Oradan bələdiyyə sədri Habil Həmidovun xəstə və məzuniyyətdə olduğu bildirilib. Digər məsul şəxslərin isə ərazidə olduqlarını söyləyiblər. Bildiriblər ki, problem araşdırma aparıldıqdan sonra aradan qaldırılacaq.
Xəzər rayon təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəsəbə ərazisində əvvəllər məişət tullantıları konteynerləri olub. Amma vətəndaşlar etiraz etdiyindən götürülüb. Bununla belə R.Rəsulov ərazi üzrə məsul şəxslərə problemin çatdırılacağını, tezliklə məişət tullantıları konteynerlərinin yerinə qoyulacağını söyləyib.