BAKI, 19 sentyabr — Sputnik. Sumqayıtda silah-sursat tapılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56 mm-lik raket mərmisi, 1 ədəd 70 mm-lik raket mərmisi, 6 ədəd 122 mm-lik OF-56 top mərmisi, 1 ədəd 152 mm-lik OF-29 top mərmisi, 1 ədəd 125 mm-lik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Hazırda faktla bağlı araşdırma aparılır.