BAKI, 19 sentyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.
Milli Məclisdən verilən xəbərə görə, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.
Sahibə Qafarova Britaniya Kraliçasının vida mərasimində iştirak edib
© Photo : Milli Mejlis
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.
Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq, daha sonra isə Vindzord şəhərinə aparılacaq. Kraliça II Elizabet əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.
Elizabet 1926-cı il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Georq və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. O, taxta 1952-ci il fevralın 9-da çıxıb.
Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib.
2022-ci ilin iyununda II Elizabetin Britaniya taxtına çıxmasının 70 illiyi qeyd edilib. Onun idarəçiliyi dövründə Böyük Britaniyada Uinston Çörçilldən tutmuş Liz Trassa qədər 15 baş nazir dəyişib.