BAKI, 19 sentyabr - Sputnik. Böyük Britaniya Kraliçası II Elizabetin cənazəsi Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib.
Mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.
II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə yekunlaşıb.
Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.
Axşam saatlarında Müqəddəs Corc ibadətgahında yalnız hakim sülalənin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında baş tutacaq özəl mərasim keçiriləcək (Report).
Böyük Britaniya Kraliçası II Elizabetlə vida mərasimi Vestminster abbatlığında keçirilib.
Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.