BAKI, 19 sentyabr - Sputnik. Sentyabrın 18-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ermənistanla əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması müzakirə olunub.
Tərəflər sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, sentyabrın 13-də də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.
Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Ermənistan-Azərbaycan sərhəddində nə baş verib?
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla qarşıdurma zamanı Ermənistandan 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.