BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.
Bu barədə Ermənistan XİN-in sözçüsü Vaan Unanyan məlumat verib. Bu görüş ABŞ tərəfinin təşəbbüsü ilə bu gün baş tutacaq.
Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək. Burada 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan-Azərbaycan sərhəddində baş verən silahlı toqquşma və onun nəticələri müzakirə ediləcək.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.
O, Ermənistanda verdiyi açıqlamalarında Azərbaycanı "təcavüzkar" adlandırıb. Ölkəmizlə bağlı məsələləri Konqresdə qaldırmağa, ABŞ prezidenti Co Bayden tərəfindən icrası dayandırılmış Azadlığı Dəstək Aktına "907-ci düzəliş"in yenidən Azərbaycana tətbiq edilməsinə çalışacağına söz verib. Bundan başqa, qondarma "erməni genosidi" abidəsini ziyarət edərək göz yaşları axıdan Pelosi, Türkiyəni də Dağlıq Qarabağ münaqişəsində oynadığı rola görə hədələyib. Onun bu açıqlamaları Azərbaycanda kütləvi narazılıq doğurub. Sosial şəbəkə istifadəçiləri ABŞ-ın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesablarında öz etirazlarını ifadə ediblər.
Azərbaycan XİN isə etiraz bəyanatı verərək Pelosinin ittihamlarını qəbuledilməz adlandırıb.
Bu gərginliyin ardından ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu, Dövlət Departamenti rəhbərinin 5 gün ərzində Azərbaycan prezidentinə ikinci telefon zəngidir.
Xatırlaadq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.