BAKI, 18 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan prezidentləri Sadır Cəfərov və Emoməli Rəhmonla ilə telefon danışığı aparıb.
Putin Qırğızıstan və Tacikistanı gərginliyin daha da artmasının qarşısını almağa və vəziyyəti mümkün qədər tez, yalnız sülh, siyasi və diplomatik vasitələrlə həll etmək üçün tədbirlər görməyə çağırıb.
Putin həmçinin təsdiqləyib ki, Rusiya Qırğızıstan-Tacikistan sərhədi zonasında sabitliyin təmin edilməsi üçün lazımi yardımı göstərməyə hazırdır.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü - 16 sentyabrda səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.
Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
Tacikistan Xarici İşlər Nazirliyininsə yaydığı məlumatda qeyd olunur ki, Qırğızıstan hərbçilərinin atəşə tutması nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub, 20-dən çoxu yaralanıb.
Tacikistan XİN-in mətbuat katibi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib.