CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlar ac qalaraq arıqlamaq mifini unutmalıdırlar - Fitnes təlimçisi

Rahat yolla ideal bədən quruluşu əldə etmək istəyənlərə mütəxəssisin məsləhəti budur ki, bu fikirlərindən daşınsınlar.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Aylı Ağayeva fitnes üzrə təlimçidir. Səkkiz ildir ki, bu sahədə çalışan Aylı xanım idmanı özünün ritualı hesab edir. O, yenicə fitnes təlimçiliyinə başlayanda Azərbaycanda bu sahənin demək olar ki, inkişaf etmədiyini deyir.
"Zamanla insanlara aşıladıq ki, fitnes ideal bədən əldə etmək istəyənlər üçün əla vasitədir. Çox yaxşı haldır ki, indi şəhərin hər yerində fitnes mərkəzləri var. Biz çalışırıq ki, bu sahəyə maraq getdikcə artsın. Xarici ölkələrdə buna maraq çoxdur", - deyə təlimçi bildirir.
Fitnes mütəxəssisi bildirir ki, bu idman növü ilə məşğul olan insan zaman keçdikcə ons daha da bağlanır, fitnes onun həyatının ayrılmaz bir hissəsinə çevrilir:
"İlk başlayanda bədənin müxtəlif nahiyələrində ağrılar olsa da, zamanla keçir. Zaman keçdikcə insanlar bədənlərindəki dəyişiklyi görürlər".
Rahat yolla ideal bədən quruluşu əldə etmək istəyənlərə Aylı xanımın məsləhəti budur ki, yol yaxınkən bu fikirlərindən daşınsınlar. Çünki, bunun sonradan fəsadları olacağı qaçılmazdır:

"İndi insanlar tez nəticə əldə etmək üçün idmana deyil, əməliyyata qaçırlar. Sonra xoşagəlməz fəsadlarla qarşılaşırlar. Əməliyyat zamanı həm maddi, həm fiziki, həm də mənəvi baxımdan itirirlər. Bundan əlavə, əməliyyatdan bir müddət sonra həkimlər həmin insanlara onsuz da idmanla məşğul olmağı tövsiyə edirlər. Bəzən həkimlər xanımlara tövsiyə edirlər ki, "get kökəl, sonra filan nahiyəndən kəsib, filan nahiyənə yapışdıracağıq". Bu, çox yanlış fikirdir".

Ac qalaraq arıqlamaq məsələsinə gəldikdə isə mütəxəssis bildirir ki, insanlar bu mifi unutmalıdırlar:
""Saat 18:00-dan sonra yemək yeməmək", "qatıq və ya qarabaşaq yemək" kimi fikirlərdən daşınmaldırlar. Demək olar ki, son illər bu məsələ yavaş-yavaş öz həllini tapır. İnsan özündən heç bir qidanı məhrum etməməlidir. Sadəcə sağlam qidalanmaq lazımdır ki, istədiyimiz görünüşə sahib olaq. Bu həm qadınlara aiddir, həm də kişilərə. Mütləq qidamızda karbohidratlar, yağlar və zülalar olmalıdır".