HƏRBİ

Müdafiə naziri hərbi hospitalda müalicə alan yaralılara baş çəkib

Nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Sputnik
BAKI, 18 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub.
Müdafiə Naziliyinin yaydığı məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub
General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub
Sonra nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
General-polkovnik Z.Həsənov yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.