BAKI, 17 sentyabr - Sputnik. Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaqdır. RİA Novosti-nin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əlbəttə, biz Şanxay beşliyinin üzvü deyilik. Biz ev sahibi ölkənin - Özbəkistanın dəvəti ilə xüsusi qonaq kimi burada (Səmərqənddə)yik. Təbii ki, bizim cənab Şavkatla (Mirziyoyev, Özbəkistan prezidenti – red.) xüsusi münasibətimiz var. Bu münasibətə görə o, məni və cənab İlhamı (İlham Əliyev - Azərbaycan prezidenti - red.) buraya (Səmərqəndə) xüsusi qonaq kimi dəvət etdi. İndi növbəti proses bu işin ən qabaqcıl mərhələsinə bir addımdır", - deyə türkiyə lideri bildirib.
Onun sözlərinə görə, bu addım, təbii ki, gələcək dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha təkmil səviyyədə gündəmə gələ bilər.
"Üzv olmaq və ya üzv olmamaq ayrı şeylərdir, amma bu ölkələrlə münasibətlərimiz bu addım sayəsində tamam başqa mövqeyə keçəcək”, - deyə Ərdoğan Səmərqənddən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Türkiyə liderinin ağlında ŞƏT-ə üzv olmaq imkanı varmı sualına Ərdoğan müsbət cavab verib.
"Əlbəttə. Məqsəd budur", - deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür.
Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.