BAKI, 17 sentyabr - Sputnik. Şənbə günü Parisdə Fransanın NATO-da iştirakına və enerji istehlakına qoyulan məhdudiyyətlərə qarşı nümayiş keçirilib. Rusiya mediasının yaydığı xəbərə görə, yüzlərlə iştirakçı NATO əleyhinə şüarlar səsləndirib, həmçinin Fransanın hazırkı prezidenti Emmanuel Makronu istefaya çağırıb.
"Makron, biz müharibə istəmirik!", "Müharibə yox, kvota yoxdur, sosial kreditlər yoxdur!" - Fransa paytaxtının mərkəzi küçələrindən, o cümlədən Luvrun yanından keçən yürüş iştirakçıları bu cür şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçısı - Fransanın "Vətənpərvərlər" partiyasının rəhbəri Florian Filippo "Twitter"də nümayişdən bir neçə fotoşəkil yerləşdirib. Həmin şəkillərdə bir neçə yüz nəfərin üzərində milli bayraqlar və "Müqavimət" yazısı olan böyük banner təsvir olunub.
"Bir çox insan Makronun istefası, sülh, Frexit (Fransanın AB-dən çıxması - qeyd), NATO-dan çıxması, enerjiyə görə kvotaların rədd edilməsi və sanksiyalara qarşı nümayişə gəldi", - deyə o öz səhifəsində yazıb.
Səhifəsindəki başqa bir yazıda isə siyasətçi “ABŞ-ın rəhbərliyi altında Qərbin dünya müharibəsi açmaq istədiyi” qənaətində olduğunu bildirib və NATO-nun atdığı addımların Fransaya birbaşa təsir edə biləcəyini qeyd edib.
Sentyabrın əvvəlində Elabe ("Elab") sosioloji xidməti sorğunun nəticələrini dərc edib. Onun nəticələrinə görə, respondentlərin yarıdan çoxu Rusiyaya qarşı sanksiyaların azaldılması və ya tamamilə ləğvinin tərəfdarı olub.
Mindən çox respondentin 74%-i etiraf edib ki, Avropa sanksiyaları Ukraynadakı münaqişənin həllinə kömək etməyəcək.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Qərb dövlətləri Kiyevə silah tədarükünü milyardlarla dollar artırıb.