BAKI, 17 sentyabr - Sputnik. 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb.
Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Qeyd olunur ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 79-a çatıb.