BAKI, 17 sentyabr - Sputnik. Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu barədə Report-a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.
"Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib", - Əlahiddə Ümumqoşun Ordudan qeyd olunub.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.