İQTİSADİYYAT

Azərbaycana düyü ən çox Hindistandan gəlirdi: Bahalaşma gözlənilir

Hindistan düyü ixracına əlavə rüsum tətbiq edib. Ekspertin fikrincə, bu addım ölkəmizdə də düyünün qiymətinə təsir göstərəcək.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Hindistan düyü (basmati növü istisna olmaqla) ixracına əlavə 20 faizlik rüsum tətbiq edib, xırdalanmış düyünün ixracına isə qadağa qoyub.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında Azərbaycan 34 milyon 861,2 min dollar dəyərində 40 min 767,1 ton düyü idxal edib. 2021-ci ilin 8 ayında isə 24 milyon 831,6 min dollar dəyərində 34 min 19,6 ton düyü idxal edilib. Göründüyü kimi, idxalın dəyəri 40,39 faiz, idxalın həcmi 19,83 faiz artıb.
Bəs bu addım Azərbaycanda düyünün qiymətinə necə təsir edəcək?
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın düyü idxalının 70-80 faizi Hindistanın payına düşür: "Hindistanda rüsumun artması Azərbaycanda da düyünün qiymətinə təsir edəcək. Biz xırdalanmış düyü idxal etmirik. Hindistan xırdalanmış düyünü daha çox Banqladeş, Nepal və digər Asiya ölkələrinə ixrac edir".
"Hindistanın düyü ixracına rüsum tətbiq etməsinin əsas səbəbi dünyada mövcud vəziyyətdən istifadə edərək daha çox gəlir qazanmaqdır. Düzdür, quraqlığa görə 10 faizə yaxın istehsal aşağı düşüb. Lakin əsas səbəb büdcəyə gələn gəliri artırmaqdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda əkin üçün yararlı torpaq sahələri azdır və düyü idxalına ehtiyacımız var.
Son 5 ayda dünyada ərzaq ucuzlaşıb
Qarşıdakı aylarda ərzaq qiymətləri məsələsinə də toxunan ekspert bildirib ki, son 5 ayda dünyada ərzaq qiymətləri aşağı düşüb: "Fikrimcə, qarşıdakı dövrdə qiymət bir qədər də aşağı düşəcək. Təkcə avqust ayında qiymətlər iyul ayına görə 1,9 faiz ucuzlaşıb. Həm manatın güclənməsi, həm də son 5 ayda qiymətlərin aşağı düşməsi onu deməyə imkan verir ki, biz yaxın aylarda ərzaqların bir qədər də ucuzlaşmasını gözləyə bilərik".
Azərbaycan ən çox Hindistandan düyü alır
Qeyd edək ki, bu ilin 8 ayında Azərbaycan Hindistandan 28 milyon 6.9 min dollar dəyərində 29 min 677,2 ton düyü idxal edib. Ümumi düyü idxalının 72,79 faizi Hindistanın payına düşüb.
Bu ilin 8 ayında Qazaxıstan Azərbaycana düyü idxalında (4 min 836 ton) ikinci yeri tutur, sonrakı yerdə isə Rusiya (4 min 152 ton) gəlir.
2021-ci ilin məlumatlarına əsasən, Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2021-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə, 2020-ci ilə nisbətən isə 3,3% artıb.
2021-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən 3,7 dəfə, 2020-ci ilə nisbətən isə 8,1% artaraq 10,7 min ton olub.
2021-ci ildə çəltik istehsalının 25,0%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,0%-i Ucar, 12,4%-i Zərdab, 9,4%-i Astara, 9,4%-i isə digər rayonlarının payına düşüb. Çəltiyin məhsuldarlığı 2021-ci ildə 34,8 sent/ha olub.
Ötən il düyü idxalı azalıb
2021-ci ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 17,8% azalaraq 46,8 min ton olub.
2021-ci ildə ölkəyə idxal olunmuş düyünün 64,6%-i Hindistanın, 15,0%-i Qazaxıstanın, 13,4%-i Rusiyanın, 4,8%-i Pakistanın, 1,7%-i Tailandın payına düşüb.
Xatırladaq ki, Hindistan dünyada xaricə ən çox düyü satan ölkədir. Qlobal düyü satışının 40 faizini Hindistan təmin edir. Ölkə ötən mövsüm 22 milyon ton düyü ixrac edib. Bu, ümumi düyü istehsalının altıda biri deməkdir.