BAKI, 17 sentyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevdən Ermənistanla sərhəddə “hərbi əməliyyat”ın başa çatması ilə bağlı məlumat aldığını bildirib. Bu barədə Ərdoğan Səmərqənddən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq başladığı əməliyyatın başa çatdığını elan edib. Əməliyyat artıq başa çatdığından indi bunu müzakirə etməyin mənası yoxdur. Cənab İlhamdan (Azərbaycan prezidenti Əliyev - red.) aldığım məlumata görə, azərbaycanlı qardaşlarımız indi təhlükəsiz mövqeyə keçiblər", - deyə Türkiyə Prezidenti bildirib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təxribatlardan tez bir zamanda əl çəkməsi, əvvəllər üzərinə götürdüyü öhdəliklərə uyğun hərəkət etməsi, diqqəti sülh və əməkdaşlığa yönəltməsi vacibdir:
"Bölgəmizdə normallaşma proseslərinin uğurla başa çatmasını, regional sülh və sabitliyin uzun müddət təmin olunmasını arzu edirik”.
Türkiyə prezidenti oktyabrın 20-də Zəngilana səfər edəcəyini və burada Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hava limanını açılışında iştirak edəcəyini də bildirib.
“Qarabağ məsələsinə gəlincə, regionun bütün ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və qəti şəkildə dəstək verməsi vacibdir. Oktyabrın 20-də Zəngilanda hava limanının açılışını edəcəyik. İlham bəy (İlham Əliyev - red.) artıq bizdən tarixi dəqiqləşdirib. O (Əliyev) dedi: “Açılışdan sonra Cəbrayıl rayonuna gedəcəyik”. Biz razılaşdıq. Ola bilər ki, bəzi rəhbərləri də ora dəvət etsin”, - deyə Ərdoğan əlavə edib.