CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol nə üçün bağlanıb - AAYDA məsələyə aydınlıq gətirdi

Ərşad Hüseynov bildirib ki, Bakı-Sumqayıt yolundan Xirdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliyi uğursuzdur
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Ötən gün Bakı-Sumqayıt yolundakı “VAZ-ın kruqu” adı ilə tanınan dairəsinin tamamilə bağlanması böyük rezonansa səbəb olub. Yeni tədris mövsümünün açılması ilə əlaqədar olaraq vəziyyət bir qədər də gərginləşib. Belə ki, yolun bağlanması 199 saylı marşrut xəttinin hərəkətinə də maneələr yaradıb. Bakı Mühəndislik Akademiyasının qarşısından keçən 199 saylı marşrut xətttinin yolunun bağlanması isə tələbələrin etirazına səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında problemə aydınlıq gətirib: "Baş Dövlət Yol Polisi ilə birgə həmin ərazidə tıxacların aradan qaldırılması üçün layihə hazırlanıb. Həmin layihənin icrası həyata keçirilir və hələlik ki, layihənin icrası yekunlaşmayıb. Belə bir addımın atılmasının səbəbə isə xüsusən də günün pik saatları ilə bağlı daxil olan müraciətlər olub".
O bildirib ki, əsas məqsəd tıxacları aradan qaldırmaqdır: "Hazırda sürücülərimiz bir istiqamət üzrə 2.5 kilometr məsafə qət etməklə daha rahat şəkildə geri dönmə əməliyyatını icra edib hərəkətlərinə davam edə bilirlər. Gələcəkdə isə daha yaxın məsafədən geridönmənin icrası planlaşdırılır. Lakin bu zaman əlavə vaxt itkisi olmayacaq. Çünki əvvəllər həmin ərazidə tıxac yarandıqda əlavə vaxt itkisi yaranırdı. Bundan sonra isə 2-3 dəqiqə vaxt sərf etməyə ehtiyac yaranacaq".
Anar Nəcəfli bildirib ki, hazırda həmin yolda yeni təhlükəsizlik adacığı yaradılır, işıqfor quraşdırılır, piyada zolaqları çəkiləcək. Bundan başqa, əlavə yol hissəsi salınır.
Gündəlik olaraq o yoldan istiifadə edən Zarina Orucəliyeva bildirir ki, tıxacı polislər yaradırdı: "Əslində orada qalıcı bir tıxac olmurdu. Yolun bağlanması isə bizim üçün əlavə vaxt itkisidir. Təklif edirəm ki, körpünün üzərində ayrıca bir xətt çəkilsin ki, Masazır sakinləri mənzil başına çatmaq üçün Saray qəsəbəsindən keçmək məcburiyyətində qalmasınlar. Əks halda biz Bakıya çatmaq üçün hər gün yolumuzu Saray qəsəbəsindən salmalı olacağıq. İnsanların həyatını asanlaşdırmaq əvəzinə bu cür manələr yaradılmamalıdır".
Xırdalan sakinləri isə bildirir ki, yolun bağlanması Xırdalana hərəkətdə də problemlər yaradacaq.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, Bakı-Sumqayıt yolundan Xirdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliyi uğursuzdur: "Bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv edilib. İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə (bunun 2-3 km olduğunu deyirlər) getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Beləliklə həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb".
O bildirir ki, problem təkcə bu deyil: "Bilirsiniz ki, hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq. Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək".
"Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək (artıq bir neçə gündür ki, göstərməkdədir). Üstəlik Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək", - deyə ekspert əlavə edib.
Ə.Hüseynov qeyd edir ki, nəqliyyat axınının, xüsusən avtobus marşrutunun yürüş məsafəsinin çoxlaması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir: "Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq".
Ekspert deyir ki, belə dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir: "Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq. Ona görə də səlahiyyətli qurumlardan (DYP və AAYDA-dan) xahiş edirəm ki, orada hərəkət sxemini əvvəlki vəziyyətə gətirsinlər, pik saatlarında yaranan çətinliklərin həlli üçün başqa, daha səmərəli üsul tətbiq etsinlər".