BAKI, 16 sentyabr — Sputnik. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.
Mövcud qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Qeyd edək ki, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.
İlkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.