SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin Paşinyanla danışdı

Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin cümə günü telefon danışığı keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.
"Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Ermənistanın baş naziri və Rusiya prezidenti Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər", - məlumatda deyilir.
"KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gedib", - KTMT-nin birgə qərargahından bildirilib.
Həmçinin qeyd olunur ki, İrəvana çatdıqdan dərhal sonra general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib.
"Görüşdə Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə yaranmış vəziyyət müzakirə olunub".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin sayı 71-ə yüksəlib.