SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liderlər arasında mühüm görüş olub: Putinlə Əliyev nələri müzakirə ediblər? - VİDEO

Prezident Vladimir Putin deyib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi hamını narahat edir.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.
Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.
İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.
Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.
Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev də Vladimir Vladimiroviç Putinlə yenidən görüşdüyünə çox şad olduğunu vurğulayaraq deyib:
- Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə də biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq.
Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim.
Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub.
Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.
Putin İlham Əliyevə təşəkkürünü bildirib.
***
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə İlham Əliyev Putinə 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi barədə məlumat verib. O qeyd edib ki, hərbi qarşıdurma 8 saatdan az çəkib. Sonra tərəflər ümumilikdə sakitləşiblər. Baxmayaraq ki, erməni tərəfi atəşi dərhal dayandırmayıb. İki sutka ərzində atəşkəsin pozulması müşahidə edilib.
"Deyirlər ki, nə Azərbaycanın, nə də Ermənistanın irimiqyaslı eskalasiya niyyəti olmayıb", - deyə İlham Əliyev bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində deyib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi hamını narahat edir.
“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - deyə Putin qeyd edib.
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.