Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Papa Azərbaycanla Ermənistan arasında münaqişənin həllində Rusiyanın xidmətlərini görür

Sentyabrın 12-si gecə, 13-ü və 14-ndə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin bir neçə istiqamətində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olub.
Sputnik
BAKI, 16 avqust - Sputnik. Roma Papası Fransisk hesab edir ki, Azərbaycanla Ermənistan arasında son günlər gərginləşən münasibətlərdə vəziyyət Rusiyanın sayəsində həll olunub. TASS xəbər verir ki, bunu Roma Papası Fransisk Qazaxıstandan qayıdarkən jurnalistlərə verdiyi müsahibədə deyib.
“İndi Azərbaycanla Ermənistan arasında [gərginlik] bir qədər səngiyib, çünki Rusiya qarant rolunda çıxış edib”, - deyə pontifik vurğulayıb.
Qeyd olunur ki, Nur-Sultandakı katolik ibadətindən sonra Fransisk son vaxtlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib, dialoqa və razılığa çağırıb.
Qeyd edək ki, sentyabrın 15-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bölgədəki mövcud vəziyyətlə bağlı məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Onu da qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib. Yerevana çatdıqdan dərhal sonra general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib. Görüşdə Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə yaranmış vəziyyət müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olub.