SƏHİYYƏ

Nazirlikdən tövsiyə: Tez-tez xəstələnən uşaqlar məktəbə 7 yaşında getsələr yaxşıdır

Ekspert deyir ki, 1 və 2-ci sinifdə təhsil alan şagirdləri dil kursuna qoymamaq məsləhətdir.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Tibbi-nöqteyi nəzərdən il ərzində tez-tez xəstələnən, psixoloji hazırlığı olmayan uşaqlar 7 yaşından məktəbə getsələr, daha yaxşı olar.
Bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib.
Onun sözlərinə görə bəzi valideynlər düşünür ki, uşaq saya bilirsə, şeirlər əzbərləyirsə, məktəbə hazırdır. Halbuki bu amillər uşağın məktəbə hazır olmasına dəlalət etmir:
"Uşağı oyundan, öz dünyasından ayırıb məktəbə gətirmək doğru deyil. Bu amil gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər".
Mütəxəssis deyir ki, uşaq yaşıdlarından kiçik olduğu halda özünü sinif yoldaşlarından zəif hiss edə bilər:
"Valideynlər bununla bağlı pedaqoqla, psixoloqla danışmalıdırlar. Subyektiv fikrim odur ki, uşaq 7 yaşından sonra məktəbə getməlidir".
Uşaqları çox yormaq onların daha da zəifləməsinə səbəb ola bilər
"Uşaqları həm dərs, həm də əlavə məşğələlərlə yükləmək onların tez-tez xəstələnməsinə, depressiyaya düşməsinə səbəb ola bilər. Nəticədə uşaqda zehni və fiziki tükənmişlik sindromu yarana bilər. Düşünürəm ki, ibtidai sinifdə təhsil alan I və II sinf şagirdlərinə əlavə dərslər yükləmək düzgün deyil. Çünki məktəb proqramı kifayət qədər ağırdır. Bu yaşda uşaqları idmana, üzgüçülüyə və s. aparmaq yaxşı olar".
O bildirir ki, bu yaş kateqoriyasından olan şagirdləri dil kurslarına, digər dərnəklərə yazdırmaq məsləhətli deyil.
Bundan başqa telefon və planşetin zərəindən danışan sektor müdiri əlavə edib ki, uşaqlara erkən yaşlarda telefon və planşetlərin verilməsi göz və skalioz xəstəliklərinin də artmasına gətirib çıxarır.