BAKI, 16 sentyabr — Sputnik. "Vostok 2022" təlimləri zamanı Rusiya və Çin orduları arasında əməkdaşlığın inkişafı ABŞ üçün təhlükə yaradır. Bunu şərhçi Kris Osborn "National Interest" jurnalı üçün yazdığı məqaləsində bildirib.
Onun sözlərinə görə, iki ölkənin birləşmiş qüvvələrinin müxtəlif növ qoşunları arasında səmərəli məlumat mübadiləsinin mümkünlüyü Vaşinqtonda qərar qəbul edənlər arasında "görünməmiş" narahatlıq yaradacaq.
"Rusiya Federasiyası ilə ÇXR arasında genişmiqyaslı hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət perspektivi hər hansı baxımdan narahatedici olsa da, informasiya şəbəkəsinə effektiv şəkildə inteqrasiya olunmuş Rusiya-Çin qüvvələri daha böyük təhlükə yaradır. Əgər Çin və Rusiya qüvvələri bir neçə sahədə birgə əlaqələndirməyə qadir olsalar, o, daha da artacaq", - deyə Osborn fikrini bildirib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Çinin hərbi gəmiləri təyyarədaşıyan qruplara qarşı kütləvi zərbələr endiriblər. Təlimlərin özəlliyi iki ölkənin aviasiyasının, hərbi gəmilərinin birgə istifadəsi olub.
Rusiya ilə manevrlərdə 14 dövlət iştirak edib. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Myanma, Nikaraqua, Suriya və Tacikistandır.