BAKI, 16 sentyabr — Sputnik. Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərində baş verən azalmanı da nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılıb.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatına deyilib.
Mərkəzi Bankın məlumatına görə, mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub. Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib.
İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil edib, orta illik inflyasiya isə 13.2% olub. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub.
Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.
Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.
Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artıb. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil edib.
Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalıb, xidmət sektorunda demək olar ki, sabit qalıb, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsini 7.75%, faiz dəhlizinin aşağı həddini 4%, yuxarı həddini isə 9.25% səviyyəsində dəyişməz saxlayıb.
Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.