DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın 4 ümumtəhsil məktəbində Azərbaycan dili öyrənilir

Ölkənin ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Ermənistanın 23 məktəbində region ölkələrinin dilləri öyrənilir. Sputnik Armeniya xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin 9 sentyabr 2022-ci il tarixinə olan məlumatlarında deyilir.
Nazirlikdən agentliyin sorğusuna cavab olaraq verilən məlumata görə, 23 məktəbdən 9-da türk, 7-də fars, 4-də Azərbaycan, 3-də gürcü dili tədris olunur.
Təhsil ya dərnəklər formatında, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var.
Təlimin formatından asılı olaraq müəllimin peşəkar keyfiyyətlərinə olan tələblər də dəyişir. Dərnəklər formatında bir məcburi şərt tətbiq olunur - müəllimin ali peşə təhsili olmalıdır.
Söhbət üçüncü xarici dilin tədrisindən gedirsə, o zaman ölkənin ümumtəhsil müəssisələrinin müəllimlərinə dair tələblər (pedaqoji ixtisas, iş təcrübəsi, yenidənhazırlanma, attestasiya və s.) tətbiq edilir.
Ermənistanda kadrların kifayət qədər olub-olmaması ilə bağlı suala nazirlik əmin edib ki, onlara regionun bu və ya digər dilini öyrətmək istəyən mütəxəssislərdən çoxlu məktublar və zənglər gəlir və hətta bu cür tədrisi təşkil etmək istəyən məktəblərin siyahısı da təqdim olunur. Bu siyahıya hazırda 400-ə yaxın təhsil müəssisəsi daxildir.
Digər bir mühüm məsələ həm müəllimlər, həm də tələbələr üçün kurikulumların, dərsliklərin, dərs vəsaitlərinin, tədris materiallarının hazırlanmasıdır.
Bununla bağlı nazirlik qeyd edib ki, proqramlar mütəxəssislər və İrəvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Peşəkarlar öz rəylərini bildiriblər, bundan sonra Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin fərmanı ilə bu proqramların məktəblərdə istifadəsinə icazə verilib.
“Hazırda layihə sınaqdan keçirilir və nəticələrə əsasən dərsliklərin tərtibi prosesinə başlanılacaq”, - deyə nazirlikdən məlumat verilib.
Xatırladaq ki, respublikanın ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb. Proqrama əsasən, Azərbaycan və türk dillərinin tədrisi yalnız böyüklər üçün məktəblərdə - 10-12-ci sinif şagirdləri üçün təşkil olunacaq. Gürcü və fars dillərini öyrənmək ibtidai və orta sinif şagirdləri üçün əlçatan olacaq.